Logo
    main-post-cover

    Apple 2026-cı ildə sensorlu ekrana sahib MacBook Pro-nu satışa çıxara bilər

    Cihazlar+
    18.09.2025
    Emil
         Məşhur analitik Ming-Chi Kuo-nun proqnozuna görə, 2026-cı ilin sonuna qədər Apple On-Cell Touch texnologiyasına əsaslanan sensor paneli olan OLED ekranlı MacBook Pro-nun kütləvi istehsalına başlayacaq. MacBook-un sensor ekranla təchiz olunacağı barədə şayiələr uzun illərdir internetdə dolaşır, lakin Apple indiyə qədər bunu etməyi planlaşdırdığını ictimaiyyət qarşısında inkar edirdi. Ming-Chi Kuo sosial şəbəkə X-də belə bildirib: “MacBook modelləri ilk dəfə sensor ekranla təchiz olunacaq ki, bu da iPad ilə sərhədi daha da qarışdıracaq. Bu dəyişiklik görünür ki, Apple-un iPad istifadəçilərinin davranışlarını illərlə müşahidə etməsini əks etdirir və müəyyən ssenarilərdə sensor idarəetmənin həm məhsuldarlığı, həm də ümumi istifadənin rahatlığını artıra biləcəyini göstərir”.
         Analitik əlavə edib ki, iPhone-da istifadə olunan prosessora əsaslanan və 2025-ci ilin dördüncü rübündə kütləvi istehsalı planlaşdırılan daha münasib qiymətli MacBook modelində sensor panel olmayacaq. Bununla yanaşı, o, 2027-ci ildə çıxacaq növbəti nəsil büdcə seqmentli noutbukda sensor texnologiyasından istifadənin mümkünlüyünü də istisna etmir. MacBook-da sensor ekrandan istifadə ideyası hələ Steve Jobs-un dövründən rədd edilirdi. O, 2010-cu ildə bildirmişdi ki, erqonomika baxımından sensor panellər vertikal olmamalıdır, çünki işə başladıqdan bir müddət sonra əl yorulmağa başlayır. Jobs-un fikrincə, sensor paneldən işləmək üçün ən yaxşı mövqe horizontal vəziyyətdir.
         “Biz həqiqətən hesab edirik ki, Mac-ın erqonomikası əllərin səth üzərində qalmasındadır və əli qaldıraraq ekrana toxunmaq olduqca yorucudur” - deyə bunu 2018-ci ildə Apple-ın proqram təminatı üzrə baş vitse-prezidenti Craig Federighi təsdiqləmişdi. Eyni zamanda, Apple-ın sensor ekranların tətbiqi ideyasını rədd edən ictimai bəyanatlarına baxmayaraq, şirkət bu imkanı artıq uzun illərdir araşdırır. Bu mövzuda çoxsaylı patentlər və patent müraciətləri Apple-ın sensorlu MacBook Pro yaratmaq ideyasından imtina etmədiyini göstərir. Əgər Ming-Chi Kuo-nun proqnozu doğru çıxarsa, bu, Apple-un MacBook dizaynı ilə bağlı fəlsəfəsində ciddi dəyişiklik olduğunu göstərəcək. Məlumata görə, Apple-ın mövqeyinin dəyişdiyinə sübutlardan biri də iPadOS 26-nın iPad və MacBook funksionallığını nə dərəcədə yaxınlaşdırmasıdır. Halbuki, şirkət əvvəllər bunun heç vaxt baş verməyəcəyini bəyan etmişdi.
    Paylaş
    Bənzər xəbərlər