Financial Times-ın yeni məqaləsinə görə, Çin avtomobil nəhəngi BYD-nin sürücüyə qabaqcıl yardım sistemlərini hətta standart elektromobil modellərinin alıcıları üçün pulsuz təqdim etmək qərarı rəqiblər üçün təhlükəli bir vəziyyət yaradır. Bu addım bir çox avtomobil istehsalçısının gələcəkdə proqram təminatından yüksək gəlir əldə etmək arzularını suya düşürə bilər. Məsələn, BMW bir müddət əvvəl avtomobillərdə oturacaq isidici funksiyasını abunə modeli ilə təqdim edərək bu sahədə təcrübələr aparıb. Tesla isə sürücüyə yardım sistemlərini (Full Self-Driving) 8000$-a sataraq gələcək gəlir strukturunu əsasən proqram təminatı üzərində qurmağa çalışır.
NVIDIA yalnız avtopilot sistemləri üçün komponentlər deyil, həm də əlaqəli proqram təminatını bazara təqdim edərək bu modeli dəstəkləyir. Lakin BYD-nin strategiyası avtomobil sənayesində bu yanaşmanı ciddi şəkildə sarsıda bilər və proqram təminatına əsaslanan gəlir modelini çətinləşdirə bilər. BYD-nin belə sistemləri əlavə ödənişsiz təqdim etməsi bir çox avtomobil istehsalçılarının marketinq strategiyasını sarsıdır. Əvvəllər passiv təhlükəsizlik sistemlərinin inkişaf dövründə istehlakçılar təhlükəsizlik kəməri və hava yastıqları üçün əlavə ödəniş etməli idilər. Lakin zamanla bu seçimlər təkcə pulsuz deyil, həm də standart avadanlığa çevrildi.
Bundan əlavə, bir çox ölkənin qanunvericiliyi təhlükəsizlik kəməri, hava yastıqları və ABS (anti-bloklama əyləc sistemi) olmayan minik avtomobillərinin satışını qadağan edir. BYD-nin yanaşması süni zəka əsaslı sürücüyə yardım sistemlərinin də gələcəkdə məcburi standart ola biləcəyini göstərir. Əgər orta hesabla bir avtomobil istehsalçısı avtopilot funksiyasına görə müştəridən 5000$ tələb etməyi planlaşdırırsa, və təxminən 30% alıcı bu məbləği ödəməyə hazırdırsa, və əgər şirkət ildə 10 milyon avtomobil istehsal edirsə, onda bu funksiya sayəsində illik ən azı 15 milyard dollar gəlir əldə edə bilər.
Bu, az məbləğ deyil və BYD-nin strategiyası uğurlu olarsa, bir çox rəqiblər bu potensial gəlirdən imtina etmək məcburiyyətində qalacaqlar. BYD müəyyən mənada aktiv təhlükəsizlik sistemlərinin də adi və əlavə ödəniş tələb etməyən bir standart halına gəlməsinə səbəb ola bilər. Lakin bu yanaşma bir çox rəqibləri məmnun etmir. Hazırda ABŞ bazarı BYD-nin elektrikli avtomobillərinin geniş yayılmasından iki əsas amil sayəsində qorunur. Yüksək gömrük rüsumları və Rusiya və ya Çin mənşəli proqram təminatına malik nəqliyyat vasitələrinin istifadəsinə qadağa.
Buna baxmayaraq, Çindən kənardakı bazarlarda BYD-nin satış həcmi sürətlə artır. ABŞ isə uzun müddət bu izolyasiyanı qoruyub saxlaya bilməyəcək. BYD rəhbərliyi də iddialı mövqe sərgiləyir. Şirkətin idarə heyətinin sədri və prezidenti Wang Chuanfu, CCTV-yə verdiyi müsahibədə bildirib ki, BYD məhsulları xarici rəqiblərindən 3-5 il qabaqdadır. Onun fikrincə, bu texnologiyalardan daha çox istehlakçının faydalanması üçün yalnız beynəlxalq ticarətdə deyil, həm də innovasiya sahəsində açıqlıq prinsiplərinə riayət etmək vacibdir. BYD-nin əsas sərvəti isə 110 000 mühəndisdən ibarət komandasıdır, hansı ki şirkətin sürətli texnoloji inkişafını təmin edir.