Elon Musk öz startapı xAI-nin Grok 3 adlı yeni çat-botu təqdim etməyə hazırlaşdığını elan edib. Onun sözlərinə görə, bu model mövcud süni zəka sistemlərindən üstün olacaq. Dünyəvi Hökumətlər Sammitində (Dubay) çıxış edərkən, Musk daxili sınaqlara istinad edərək, Grok 3-ün hazırkı süni zəka sistemləri ilə müqayisədə daha üstün məntiqi düşünmə qabiliyyətinə malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Grok 3 hazırda yekun təkmilləşdirmə mərhələsindədir və 1-2 həftə ərzində təqdim olunacaq. "Bəzən mənə elə gəlir ki, Grok 3 qorxudacaq dərəcədə ağıllıdır" - deyə Musk çıxışında qeyd edib. Videokonfrans zamanı o, süni zəka üzərində apardığı işi, keçmiş tərəfdaşı, OpenAI-nin rəhbəri Sam Altman ilə münaqişəsini, eləcə də ABŞ federal hökumətində "bütöv agentliklərin ləğvi" ilə bağlı planlarını müzakirə edib.
Musk vurğulayıb ki, xAI-nin yeni modeli sintetik məlumatlar əsasında təlimatlandırılıb və öz səhvlərini analiz edərək məntiqi ardıcıllığa nail olmağa çalışır. Bundan əlavə, o, OpenAI-ni tənqid edərək, şirkətin əvvəlcə qeyri-kommersiya və açıq mənbəli layihə kimi yaradıldığını, lakin indi maksimum qazanc əldə etməyə yönəldiyini bildirib. Sonda Musk zarafat edərək gələcəkdə süni zəkanın mehriban olacağına ümid etdiyini deyib.