Logo
    main-post-cover

    ChatGPT səs rejimi yeniləyir!

    Süni İntellekt
    26.11.2025
    Sevinc
        Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, OpenAI ChatGPT-nin səs funksiyasını daha istifadəyə yararlı hala gətirir. Şirkət bildirir ki, artıq ChatGPT Voice funksiyasından istifadə etmək üçün ayrıca rejimə keçməyə ehtiyac qalmayacaq. Səsli danışıq birbaşa mövcud söhbət pəncərəsinin içində aktivləşdiriləcək.
        Bu dəyişikliklə istifadəçilər həm danışa, həm də çatbotun cavablarını real vaxtda ekranda görə biləcəklər. Əvvəllər səs rejiminə keçid sizi ayrıca bir ekrana aparırdı və orada yalnız mavi animasiyalı dairə, səsi söndürmə düyməsi və canlı video yazmaq imkanı olurdu. Bu rejimdə ChatGPT-nin dediklərini yalnız dinləmək mümkün idi və cavabı qaçırdığınız halda mətnə baxmaq üçün həmin ekrandan çıxmalı olurdunuz.
        Yeni interfeys isə bütün bunları aradan qaldırır. İndi ChatGPT danışarkən cavablar birbaşa ekranda görünəcək, əvvəlki mesajları gözdən keçirmək, habelə şəkil və ya xəritə kimi vizualları söhbət zamanı real vaxtda görmək mümkün olacaq. Bu dəyişiklik həm səs, həm də mətn arasında təbii keçid etməyi xeyli asanlaşdırır. Yeganə məhdudiyyət bundan ibarətdir ki, səsli söhbəti bitirmək üçün hələ də “End” düyməsinə toxunmaq lazımdır. Yenilənmiş səs interfeysi artıq web və mobil tətbiqetmələrdə bütün istifadəçilərə mərhələli şəkildə təqdim olunur.
        Ayrı səs rejimini üstün tutanlar üçün OpenAI əlavə seçim də saxlayıb. Ayarlardakı “Voice Mode” bölməsindən “Separate mode” seçilərsə, əvvəlki ayrıca səs interfeysi bərpa edilə bilər.
    Paylaş