Logo
    main-post-cover

    OpenAI açıq mənbəli iki süni intellekt modelini təqdim edib

    Süni İntellekt
    06.08.2025
    Emil
         OpenAI açıq mənbəli iki süni intellekt modelini təqdim edib - şirkətin bildirdiyinə görə, bu modellər onun “o” seriyasına daxil olan modellərlə oxşar imkanlara malikdirlər. Hər iki yeni açıq mənbəli süni intellekt modeli Hugging Face platformasında əlçatandır. Şirkət iki fərqli model təqdim edib: daha güclü olan gpt-oss-120b modeli işləmək üçün NVIDIA videokartı tələb edir, daha yüngül gpt-oss-20b modeli isə cəmi 16 GB RAM-a malik adi bir noutbukda işləyə bilir. OpenAI sonuncu dəfə açıq mənbəli koda sahib layihəni 5 ildən çox əvvəl - GPT-2 modeli ilə təqdim etmişdi. Şirkətin məlumatına görə, yeni modellər hər hansı mürəkkəb sorğunun öhdəsindən gələ bilmədikdə, onu buludda çalışan sistemlərə yönləndirmək imkanına da malikdirlər. Süni intellekt sahəsində dünya lideri kimi tanınan OpenAI, təqdim etdiyi açıq mənbəli modelləri mövcud analoqlarla müqayisədə daha güclü etmək məqsədi güdüb və şirkətin bildirdiyinə görə, buna nail olub.
         Codeforces platformasında proqram kodu yazmaq üzrə keçirilən testlərdə gpt-oss-120b modeli 2622, gpt-oss-20b modeli isə 2516 xal toplayaraq DeepSeek R1 modelini geridə qoyub, lakin o3o4-mini modellərindən geri qalıb. Humanity’s Last Exam (HLE) adlı digər bir testdə gpt-oss-120b modeli 19%, gpt-oss-20b modeli isə 17.3% nəticə göstərib. Bu göstəricilər o3 modelindən aşağı olsa da, DeepSeek və Alibaba Qwen kimi aparıcı açıq mənbəli modelləri üstələyib. Qeyd olunur ki, OpenAI-nin yeni açıq mənbəli süni intellekt modellərində halüsinasiyalar - yəni əminliklə verilən, lakin reallığa uyğun olmayan cavablar - o3 və o4-mini kimi qapalı modellərlə müqayisədə daha tez-tez baş verir. Şirkət bu nəticəni gözlənilən adlandırıb, çünki kiçik ölçülü modellər, böyük və qabaqcıl modellərlə müqayisədə dünyaya dair daha az biliyə malik olur və buna görə daha çox halüsinasiyaya meyllidirlər.
         PersonQA testində gpt-oss-120b modeli cavabların 49%-ində, gpt-oss-20b modeli isə 53%-ində halüsinasiyaya yol verib. Müqayisə üçün, o3 modelində bu göstərici 16%, o4-mini modelində isə 36% olub. OpenAI açıq mənbəli modelləri təlim etdirərkən, qapalı modellərin təlimində istifadə olunan eyni proseslərdən yararlanıb - hər iki halda MoE (Mixture-of-Experts) metodu tətbiq olunub. Bu metod suallara cavab verilərkən daha az parametrin aktivləşməsinə imkan verir. Məsələn, gpt-oss-120b modelində ümumilikdə 177 milyard parametr mövcuddur, lakin bir token üçün cəmi 5.1 milyard parametr aktivləşir ki, bu da səmərəliliyin artmasına səbəb olur. Modelin hazırlanmasında yüksək hesablama gücünə malik möhkəmləndirici öyrənmə (high-compute reinforcement learning) üsulu tətbiq olunub.
         Bu metod modelləşdirilən mühitlərdə düzgünlə səhv olanı ayırd etməyə kömək edir və "o" seriyalı modellərin təlimində də istifadə olunur. Açıq mənbəli modellər, həmçinin, cavabların emalı üçün əlavə vaxt və resursların ayrılmasını nəzərdə tutan oxşar cavab formalaşdırma prosesindən istifadə edir. OpenAI-nin bildirdiyinə görə, açıq mənbəli modellər süni intellekt agentlərinin tərkibində işləməyə uyğundur - onlar veb axtarışa və Python kodunun icra vasitələrinə müraciət edə bilirlər. Bununla belə, qeyd olunur ki, bu modellər multimodal deyil, yəni yalnız mətnlə işləmək üçün nəzərdə tutulub və nə şəkil, nə də səs yarada və ya emal edə bilmirlər.
         Modellər Apache 2.0 lisenziyası altında təqdim olunur - bu lisenziya ən liberal və açıq lisenziyalardan biri hesab olunur. Bununla yanaşı, şirkət onların təlimində hansı məlumatlardan istifadə olunduğunu açıqlamaqdan imtina edib. OpenAI əlavə olaraq bu modellərin potensial olaraq kiberhücumlar, bioloji və ya kimyəvi silahların hazırlanması üçün istifadə oluna biləcəyini araşdıran ayrıca bir tədqiqat da aparıb. Kənar ekspertlərin iştirakı ilə aparılmış bu araşdırma nəticəsində müəyyən olunub ki, bu modellər bioloji elmlər sahəsində cüzi kömək göstərə bilərlər, lakin incə tənzimləmədən sonra belə onların təhlükəli imkan həddini keçdiyinə dair heç bir sübut aşkarlanmayıb.
    Paylaş
    Bənzər xəbərlər
    openai-bazar-deyerini-500-milyard-dollara-yukseltmeye-hedeflenib
    Tech-Biznes

    OpenAI bazar dəyərini 500 milyard dollara yüksəltməyə hədəflənib

    Cəmi bir müddət əvvəl OpenAI şirkətinin kapitallaşması təxminən 300 milyard dollar səviyyəsində qiymətləndirilirdi - bu, SoftBank-ın başçılıq etdiyi investor qrupunun 40 milyard dollar investisiya qoymaq niyyətinə əsaslanırdı.
    microsoft-virus-ve-zererli-proqram-teminatlarinin-avtonom-axatisi-ucun-suni-intellekt-prototipini-teqdim-edib
    Süni İntellekt

    Microsoft virus və zərərli proqram təminatlarının avtonom axatışı üçün süni intellekt prototipini təqdim edib

    Microsoft, proqram fayllarını analiz edə və gizli zərərli proqram təminatını aşkar edə bilən Project Ire adlı avtonom süni intellekt agentinin prototipini təqdim edib.
    google-3d-dunyalar-yarada-bilen-suni-intellekt-sistemini-teqdim-edib
    Süni İntellekt

    Google 3D dünyalar yarada bilən süni intellekt sistemini təqdim edib

    Google DeepMind süni intellektin yeni nəsil dünya modeli olan Genie 3 versiyasını təqdim edib. Bu model real vaxtda qarşılıqlı əlaqə qurula bilən üçölçülü dünyalar yaratmaq qabiliyyətinə malikdir.
    chatgpt-istifadecinin-mental-problemlerini-teyin-ede-bilecek
    Proqram Təminatı

    ChatGPT istifadəçinin mental problemlərini təyin edə biləcək

    Bu həftə OpenAI yeni GPT-5 modelini təqdim edə bilər. Onun hazırlanması zamanı OpenAI mütəxəssislər və məsləhətçi qruplarla əməkdaşlıq edib ki, ChatGPT psixi və emosional pozuntuları müəyyən edə bilsin və lazım gəldikdə sübuta əsaslanan məlumatlar təqdim etsin.
    suni-intellekt-dunyani-senaye-inqilabindan-10-defe-daha-suretli-ve-guclu-sekilde-deyisecek
    Süni İntellekt

    Süni intellekt dünyanı sənaye inqilabından 10 dəfə daha sürətli və güclü şəkildə dəyişəcək

    Google DeepMind-ın baş direktoru Demis Hassabis The Guardian-a verdiyi müsahibədə bildirib ki, süni intellektin təsiri sənaye inqilabından 10 dəfə güclü və 10 dəfə daha sürətli olacaq.